AYXAN _____-»PİLLƏKƏNDƏ SEVGİ»
Məcid Həsənliyə
Həmişəki kimi dərsə gecikmişdi. Bu onun adəti idi, məktəb vaxtları da birinci saatı ötürərdi.
Qapının ağzında durmuşdu. Amma girməyə cürət eləmirdi.
Pilləkənlərin yuxarısından bir qız əyilib ona baxanda tez qapının yanından aralandı, qaçıb pilləkənlərin yuxarısına nəzər saldı. Orda kimsə yoxdu, səsizlik hökm sürürdü. Öz-özünə fikirləşdi: “Görən o qız kim idi?”
Bunu düşünəndə artıq qapını açmışdı. İçəridəkilərin onu aydan gəlmiş adam kimi süzmələrinə, müəllimin tənəli sözlərinə alışıq idi. Ona görə də heç kimi vecinə almadı. Keçib yerində oturana qədər müəllim eləcə donqullandı. Hələ deyəsən uşaqlardan biri fürsətdən istifadə edib ortaya bir zarafat atdı, qızlar dişlərini ağartdı.
O, tənələri, zarafatları eşidirdi, amma eyninə almırdı, bir qulağından alıb, o biri qulağından ötürürdü. Oturan kimi mobil telefonunu açdı, həmişəki kimi çata girib qızlarla yazışmağa başladı.
Müəllim təzə dərsi başa salır, uşaqlar qarşılarındakı dəftərə nəsə yazırdılar. O əlində telefon bir qulağı dərsdə olsa da pilləkənin yuxarısından ona baxan qızı xatırlayırdı.
Pilləkəndəki qızın sifəti gözünün qabağına gəldi. Badam gözlü, qara saçları sinəsinə tökülmüş bir qız idi, yanaqları da xəfifcə qızarmışdı.
Dəftərinə əyri-üyrü xətlə çalışma yazan dostuna həmin qızdan bəhs etmək istəyirdi ki, zəng vuruldu. Qırıq-qırıq səslər onu fikirdən ayırdı. Sonra qərar verdi ki, bunu heç kimə deməsin.
Qızla dəhlizdə qarşılaşdı. Ürəyi bərkdən vuranda hiss elədi ki, deyəsən, bu qızı sevir. Bütün cəsarətini toplayıb onun qarşısını kəsdi.
– Bağışlayın…
Qız dayandı, üzündə qeyri-adi bir ifadə vardı.
– Çto qavariş tı? – o oğlanın üzünə baxdı.
Dili elə bil qarnına düşmüşdü. Rus dilini bilmədiyi üçün karıxıb qalmışdı. Eləcə mızıldanırdı. Qız bunu görüb saçını geri elədi və astaca pillələri endi.
Axşam tərəfi özü də bilmədən ilk sevdiyi qızın məhəlləsinin yanından keçdi. Bunun heç fərqində də deyildi, başı qarışmışdı. Ancaq qız eyvana dirsəklənib bayaqdan ona baxırdı.
Oğlan isə elə düşünürdü ki, yanından keçdiyi bina uzun bir pilləkəndir və o indicə badam gözlü, qara saçları sinəsinə tökülmüş qızla qarşılaşacaq. Amma bilirdi ki, onu görən kimi dili tutulacaq, qıza bir söz deyə bilməyəcək. Çünki rusca bircə kəlmə belə danışa bilmir.
“Bir qıza görə rus dilini öyrənmək axmaqlıqdı.”
Evlərinin qapısına çata-çatda ağlından bunu keçirtdi və bayaqdan onu bezdirən fikirdən bir dəfəlik qurtula bildi.
18.04.10

UNESCO İrlandiyanın paytaxtı Dublini “Ədəbiyyat şəhəri” elan edib.
'



Bu barədə Milli.Az xəbər portalına Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.
Qalmaqallı Britaniya yazıçısı Salman Rüşdinin “Şeytan ayələri” romanının Azərbaycan dilinə tərcüməsinin “Unikal” qəzetində çapı dayandırıldı. Bu dəfə birdəfəlik.
